Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər həyata keçirir və mütəxəssislər tərəfindən müşahidələr aparılır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, növbəti monitorinq Saatlı rayonu, Azadkənd kəndində yerləşən “İD-Agropark” MMC-yə məxsus 365 hektar meyvə bağında aparılıb.
Bağda 320 hektar ərazidə Mina Şirin sortu nar bitkisi kolları, 45 hektar ərazidə isə badam bitkisinin müxtəlif sort ağacları əkilib. Zərərvericilərin vaxtında aşkar olunub qarşısının alınması məqsədilə sahədə feromonlu tutucu tələlər asılıb. Vizual baxış zamanı karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmə hallarına rast gəlinməyib.
Monitorinq zamanı pestisid və aqrokimyəvi maddələrin saxlanması, daşınması, o cümlədən istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə müvafiq tövsiyələr verilib.