Cəmiyyət

Saatlıda "Narkomaniyaya yox deyək" mövzusunda məktəblilərlə görüş keçirilib

Saatlıda

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə S.Vurğun adına 2 saylı tam orta məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxış edənlər müasir dövrümüzün ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, onun inkişafı üçün təhlükə mənbəyinə çevrilən narkomaniyanın fəsadlarından bəhs ediblər. Bildirilib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəsi haqqında informasiyaya malik olmurlar. Həmin maddələrdən istifadə etdikdə isə onlarda ömürlük asılılıq yaranır, vaxt keçdikcə cəmiyyətdən təcrid olunmağa başlayırlar. Ona görə də, gənc və yeniyetmələrin tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ziyalıların üzərinə düşür.

Həmçinin erkən nikah və dini radikalizmdən danışılaraq, cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumatlar verilib.

Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.