Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Saatlı rayonunda keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, kənd təsərrüfatına dair müxtəlif texnologiya və məhsulların əyani nümayiş olunduğu festivalda Saatlı, Sabirabad, Salyan, İmişli, Biləsuvar və Kürdəmir rayonlarından fermerlər iştirak ediblər. Sərgidə dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən fermerlərə xidmət və məhsullar barədə geniş məlumat verilib.
2024-cü ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin təşviqatı məqsədilə festivalda təbiətqoruyucu və iqlimədost texnologiyalar nümayiş olunub.
Həmçinin festivalda “GreenAgroHack” hakaton yarışmasının qaliblərinin iştirakı ilə startap zona təşkil olunub. Startap zonada qalib iştirakçılar “yaşıl ağıllı həllər”, hava, torpaq, rütubət və nəmlik göstəricilərini özündə toplayan suvarma texnologiyaları və fermerlərə məsləhət xidməti göstərən mobil tətbiqlərini festival iştirakçılarına nümayiş etdiriblər.
Festival çərçivəsində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində uğurla təmsil olunan arıçılar və pambıqçılıq sahəsində əldə etdikləri yüksək nəticələrə görə Saatlı və Biləsuvar rayonlarından olan fermerlər mükafatlandırılıb.
COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş olunub.
Festivalda bölgənin prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi istiqamətində təlimlər keçirilib. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən “Yeni pambıq sortlarının texniki parametrləri, becərilmə aqrotexnologiyası və onların toxumçuluq işinin təşkili” və aqrar sahədə fəaliyyət göstərən özəl şirkət tərəfindən “Pambıq və qarpız yetişdirilməsində xəstəlik, zərərverici və alaq otlarına qarşı mübarizə ” mövzularında təlim, eləcə də təqdimatlar olub.
Festivaldan sonra hakaton iştirakçıları ilə birgə “Agro Dairy” MMC-nin Hacıqabul rayonundakı təsərrüfatına tur təşkil edilib.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “GreenAgroHack” hakatonunun qalib iştirakçıları ilə birgə il ərzində mütəmadi aqrar sənaye komplekslərinə turlar təşkil ediləcək. İnfoturun əsas məqsədi hakaton iştirakçılarının “ağıllı” yaşıl həllərinin prototiplərinin hazırlanmasına dəstək göstərməkdir.