Saatlıda ötən ilin dekabr ayından pambıq sahələrində əkin üçün başlanan şum işləri artıq yekunlaşmaq üzrədir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilir ki, bu günə kimi rayonda 11 min 931 hektar sahədə şum aparılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 100 hektar çoxdur.
Havaların əlverişli keçməsindən istifadə edən fermer və torpaq mülkiyyətçiləri şum kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan yararlanırlar. Gələcək bol məhsulun bünövrəsinin məhz bu dövrdə qoyulduğunu bilən əkinçilər işin gedişinə ciddi nəzarət edirlər. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün pambıq sahələrini genişləndirməklə yanaşı, növbəli əkin sisteminə də üstünlük verirlər. Əkinçilər bundan sonra daha 1694 hektar sahədə şum aparılmasını nəzərdə tuturlar.
Qeyd edək ki, ötən il rayonda 13 min 741 hektar pambıq sahəsindən 41 min 813 ton pambıq istehsal olunub.