Saatlıda pambıq yığımı davam edir, əraziyə kifayət qədər kombayn, traktor və qoşqular cəlb olunub.
Saatlı rayonunda pambıq məhsulunun optimal müddətdə tədarük edilməsi üçün fermerlər sahələrə səfərbər olublar. Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari il Saatlı rayonunda fermerlər tərəfindən 12570 hektar sahədə pambıq becərilib. Onun 2600 hektarı "Azərpambıq ASK", 4890 hektarı "MKT", 1500 hektarı "P-Aqro", 3580 hektarı isə "Aqroaz" şirkəti ilə müqavilə əsasında əkilib. Hazırda rayon üzrə pambıq sahələrində 1-ci dərim aparılır və tarlalara 51 kombayn çıxarılıb. Həmçinin pambığın daşınması üçün 170 traktor və 361 qoşqu cəlb edilib. Pambıq tarlalarından bu günə qədər ümumilikdə 16 min 574,6 ton pambıq yığılıb ki, bu da kondisiya çəki ilə 14 min 820,6 ton pambıq məhsulu təşkil edib.
Cari ildə “Azərpambıq ASK” ilə müqavilə əsasında 100 hektar sahədə pambıq becərən fermer Həbib Əhmədov deyir ki, məhsuldarlıq yüksəkdir. İlk yığım zamanı hər hektara 35-40 sentner məhsul tədarük olunub.
Uzun illərdir pambıqçılıqla məşğul olan fermerlərdən biri də Əsəd Hüseynovdur. O bildirib ki, pambıqçılığa olan dövlət dəstəyi bu sahəyə fermerlərin marağını artırır. Elə bu məqsədlə cari ildə 200 hektara yaxın pambıq bitkisi əkən fermer orta hesabla hər hektara 30 sentner məhsul gözlədiyini deyir.