Ümumi

Saatlıda şagirdlər narkomaniya və erkən nikahın fəsadları barədə maarifləndiriliblər

Saatlıda şagirdlər narkomaniya və erkən nikahın fəsadları barədə maarifləndiriliblər

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirdə Təhsil və Polis şöbələrinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxış edənlər müasir dövrümüzün ən ağrılı problemlərindən biri olan və cəmiyyətin bəlasına çevrilən narkomaniyanın fəsadlarından danışıblar. Bildirilib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmurlar. Ondan istifadə etdikdə isə gənclərdə narkotik vasitəyə ömürlük asılılıq yaranır, vaxt keçdikcə cəmiyyətdən təcrid olunmağa başlayırlar. Ona görə də, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ziyalıların üzərinə düşür.

Daha sonra erkən nikah mövzusunda çıxışlar olub, cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumat verilib.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.