Ümumi

Saatlıda şəhid Anar Məmmədovun xatirəsi əbədiləşdirilib

Saatlıda şəhid Anar Məmmədovun xatirəsi əbədiləşdirilib

Saatlı rayonu Mustafabəyli kəndində Vətən müharibəsi şəhidi Anar Məmmədovun xatirəsinə inşa edilən bulağın açılışı olub.

Bulağın açılışında şəhidin ailə üzvləri ilə bərabər, Saatlı Rayon İcra Hakimiyyətinin, YAP Saatlı rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, Gənclər və İdman İdarəsinin nümayəndələri, mədəniyyət işçiləri, şagirdlər, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər 44 günlük Zəfər yürüşündən və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən danışıblar. Qeyd edilib ki, torpaqlarımızın azadlığı uğrunda Vətən oğulları canlarını fəda etməklə əsl qəhrəmanlıq dastanı yazdı. Bildirilib ki, Vətən müharibəsi zamanı qanı ilə tarix yazanlardan biri də Saatlı rayonunun Mustafabəyli kənd sakini Anar Məmmədovdur. O, 1992-ci il oktyabrın 25-də Mustafabəyli kəndində dünyaya göz açıb. Qırağlı kənd tam orta məktəbinin məzunu olan Anar hələ orta məktəb vaxtı xüsusi istedadı ilə seçilib. İdman sahəsində də nailiyyətləri olan Anar həqiqi hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətini davam etdirib. Bir çox təlimlərdən keçən Anar xüsusi təyinatlı olaraq 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı döyüşlərdə şücaəti ilə seçilib. İlk döyüşü Füzuli rayonunun “Karyer” adlanan ərazisinin işğaldan azad olunmasında olub və həmin ərazidə Azərbaycan bayrağının dalğalandırılmasında iştirak edib. Sonrakı döyüşlərdə mühasirəyə düşən 14 əsgərimizi heç bir itki vermədən, düşmənə ağır zərbələr endirərək çıxarıb. Tabeliyində olan igid döyüşçülərimizlə düşmənin saz vəziyyətdə olan 12 tankını və xeyli döyüş sursatını qənimət olaraq ələ keçirib. Anar Məmmədov oktyabrın 17-də mühasirəyə düşən 17 hərbçimizi öz həyatı bahasına mühasirədən çıxarıb, düşmənlə təkbaşına vuruşaraq şəhid olub.

Anar Məmmədov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.