Saatlı rayonu Əhmədbəyli kəndində şəhid Elvin Həsənovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan “Şəhid bulağı” istifadəyə verilib. Açılış mərasimində şəhidin ailə üzvləri ilə bərabər Saatlı rayon İcra Hakimiyyətinin, YAP Saatlı rayon təşkilatının, Saatlı rayon Mədəniyyət Mərkəzinin, Saatlı rayon Gənclər və İdman İdarəsinin, digər idarə və müəssisələrin nümayəndələri, şəhid ailələri, qazi və veteranlar, kənd sakinləri, məktəblilər iştirak edib.
Öncə şəhid Elvin Həsənovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Daha sonra “Şəhid bulağı”nın açılış mərasimində Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 44 günlük Zəfər yürüşündən söhbət açıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı azad etməklə parlaq Qələbəyə nail oldu. Diqqətə çatdırılıb ki, Azərbaycan tarixinə yazılan şanlı Qələbə şəhidlərimizin qanı ilə yazılıb. Bildirilib ki, belə qəhrəmanlardan biri də Vətən sevgisi ilə, vüqarı və ölməzliyi ilə gələcək nəsillərə örnək olan Elvin Həsənovdur. Onun həyat yolundan və qəhrəmanlığından danışanlar bildirib ki, Həsənov Elvin Hökməli oğlu 1992-ci il iyul ayının 8-də Əhmədbəyli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Elvin 2012-ci ildə hərbi xidmətini bitirərək doğma kəndinə qayıdıb. O, 2020-ci il sentyabr ayında başlayan Vətən müharibəsində iştirak etmək üçün sentyabr ayının 29-da könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edərək düşmənin çox sayda qüvvəsinin məhv edilməsində şücaəti ilə seçilib. 22 oktyabr tarixində ağır döyüşlər zamanı Elvin qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Elvin ailəli olub, iki azyaşlı övladı yadigar qalıb.
Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə Elvin Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.