Ümumi

Saatlıda şəhid olan 3 ayrılmaz dostun xatirəsinə inşa edilən abidə kompleksi açılıb

Saatlıda şəhid olan 3 ayrılmaz dostun xatirəsinə inşa edilən abidə kompleksi açılıb

Saatlı rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə kompleksi inşa edilib. Kəndin 3 şəhidinin rəsmi abidədə öz əksini tapıb. Kompleksin ərazisində, həmçinin bulaq istifadəyə verilib.

Abidə kompleksi Saatlının Soltanabad kəndində inşa edilib. Şəhidlər abidəsində Soltanabad kəndindən olan Ağayev Ceyhun Cəmil oğlu, Şahbazov Aqif Hasil oğlu və Mircəlal kəndindən Məmişov Qədir Zülfəli oğlunun xatirələri əbədiləşdirilib.

Açılış mərasimində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, kənd sakinləri, ziyalıları iştirak ediblər. Əvvəlcə şəhidlərin Soltanabad kənd qəbiristanlığındakı məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. Daha sonra kənd mərkəzində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin önündə tədbir keçirilib. Çıxış edənlər 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıblar. Bildirilib ki, qəhrəmanlıq dastanı yazan igid oğullarımızın Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan tarixində ən şanlı səhifə kimi qalacaq.

Tədbirdə çıxış edən şəhid anaları şəhidlərimizlə qürur duyduqlarını bildiriblər. Həmçinin qeyd edilib ki, bu gün şəhid Ceyhun Ağayevin doğum günüdür. Abidədə xatirəsi əbədiləşən hər üç şəhidin həyatda da bir-biri ilə ayrılmaz dost olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, onlar öz vətənpərvərliyi hər zaman seçiliblər. Arzu-istəkləri bir olan dostların amalı da eyni idi. Onlar Vətən yolunda şəhadətə yüksələrək gələcək nəsillər üçün örnək oldular.

Şəhid anası Gülnaz Ağayeva deyib ki, Ceyhunun cənnətdəki ilk doğum günüdür və hər gecə yuxuma gələrək, “ana, mənə görə nigaran olmayın, biz şəhidlər cənnətdəyik” deyə söyləyir”. Ceyhunun Vətənlə bağlı ülvi arzularından söhbət açan şəhid anası bildirib ki, oğlunun idealı şəhidlərimiz Polad və Mübariz idi. Onların davamçısı olmaq arzusu ilə yaşayırdı. Belə də oldu. Vətən müharibəsinə könüllü yollanaraq torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər döyüşdü və qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Şəhid atası Cəmil Ağayev isə qeyd edib ki, Ceyhun döyüşlər başlayan gündən cəbhəyə can atırdı. O, evdən xəbərsiz könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, döyüşlərə yollandı. Biz bir də o, cəbhəyə yollananda xəbər tutduq. Döyüşlərdə də şücaəti ilə seçildi. Pulemyotçu olduğu üçün açdığı dəqiq atəşlərlə düşmənə ağır zərbələr vurub.

İlk döyüş yolu Füzuli rayonundan başlayan Ceyhun Qubadlı və Zəngilan uğrunda gedən döyüşlərdə də iştirak edib. Sonuncu döyüş yeri Xocavənd rayonu olub. Bir sıra uğurlu tapşırıqların yerinə yetirilməsində şücaət göstərən Ceyhun noyabrın 6-da şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirdə Soltanabad kənd məktəbinin şagird kollektivi tərəfindən şəhidlərin xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub. Qəhrəmanlara, Vətənə həsr olunan şerlər səsləndirilib.

Daha sonra abidə kompleksinin açılışı olub, bulaq istifadə verilib.