Bu ilin birinci rübündə Saatlıda 11 sənaye müəssisəsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 23 milyon 276,8 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 milyon 181,8 min manat və ya 5,3 faiz çoxdur. İstehsalın 92,8 faizi sənaye məhsulları, 7,2 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olub.
Saatlı Rayon Statistika İdarəsindən verilən məlumata görə, istehsal olunan sənaye məhsulu və xidmətlərin 92,8 faizi emal və mədənçıxarma sənayesi üzrə, 6,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı payına düşür. Ümumi istehsalda özəl sektor 75,6 faiz, dövlət sektoru isə 24,4 faiz təşkil edib.
Mal və xidmətlərin 19 milyon 817,4 min manatı və ya 85,1 faizi hüquqi şəxslər, 3 milyon 459,4 min manatı və ya 14,9 faizi isə fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunub.