Cəmiyyət

Saatlıda su və torpaq ehtiyatlarından səmərəli istifadəyə həsr olunan elmi-praktik seminar keçirilib

Saatlıda su və torpaq ehtiyatlarından səmərəli istifadəyə həsr olunan elmi-praktik seminar keçirilib

Saatlının Cəfərxan qəsəbəsində yerləşən Muğan-Meliorasiya Təcrübə Stansiyasında “Su və torpaq ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlər”ə həsr olunmuş elmi-praktik seminar keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda aidiyyəti dövlət qurumlarının nümayəndələri və fermerlər iştirak ediblər.

Seminarı açan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov elmi-praktik konfransın Muğan Meliorasiya-Təcrübə Stansiyasında keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki,1904-cü ildə Muğanda torpaqların şorlaşması səbəblərinin elmi əsaslarla öyrənilməsinə başlanılıb və 1914-cü ildə Cəfərxan Şorlaşma Stansiyası yaradılıb. Sonralar Muğan Meliorasiya-Təcrübə Stansiyası adlanan bu stansiyada dünya praktikasında ilk dəfə olaraq örtülü drenaj şəbəkəsi tikilib.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, meliorasiyanın inkişafında da ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edən natiq, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirib.

Daha sonra panel müzakirələrə başlanılıb. Panel müzakirələr iki mövzu – “Suvarılan torpaq sahələrinin xəritələşdirilməsi” və “Şorlaşma, torpaqların deqradasiyası və eroziyasına qarşı yeni texnologiyaların tətbiqi” ətrafında təşkil olunub.

Panel müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, “Azərkosmos CİS” mərkəzinin nümayəndəsi Aqil Əhmədov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq kadastr şöbəsinin müdiri Yunus Maksimov, Kənd Təsərrüfatı Nazirliyinin sektor üzrə böyük məsləhətçisi Rövşən Abdullayev, Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin rəis müavini İlqar Namazov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev, “Meliorasiya Elmi-Tədqiqat İnstitutu” MMC-nin direktor müavini Əhliman Verdiyev təmsil etdikləri qurumlar tərəfindən müvafiq sahələrdə görülən və görüləcək işlərdən, qarşıya qoyulan hədəflərdən danışıb, birgə fəaliyyətin səmərəliliyini vurğulayıblar.

Daha sonra Saatlı rayonunda yaşayan fermer və aqropark nümayəndələrinin sualları cavablandırılıb, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.