Saatlıda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni təsərrüfatlar yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.
Rayon statistika İdarəsindən bildiriblər ki, hazırda rayonda 7 süni mayalanma məntəqəsi fəaliyyət göstərir, ötən il və cari ilin yanvar ayında bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 6 min 239 baş inək və düyədən on bir ay ərzində 4 min 601 baş buzov alınıb. Hər 100 baş inəyə 73 baş bala düşüb.
Qeyd edək ki, süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara 460 min 100 manat subsidiya ödənilib.