Kənd təsərrüfatı

Saatlıda superintensiv əncir bağından məhsul yığılır

Saatlıda superintensiv əncir bağından məhsul yığılır

Saatlıda superintensiv əncir bağı salınıb. Üç yaşında olan ağaclardan ilk məhsul yığılır. Gələcəkdə bağ tam məhsuldarlığa düşdükdə, xaricə də ixrac nəzərdə tutulur.

6 hektarı əhatə edən superintensiv əncir bağı rayonun Qaralar kəndində yerləşir və 6500 ədəd ağac müasir suvarma sistemi ilə becərilir. Avqust ayının əvvəlindən yığıma başlanılıb və bu günə kimi 3 ton məhsul tədarük olunub.

Təsərrüfat sahibi Ələsgər Əhmədov deyir ki, növbəti illərdə məhsuldarlıq daha çox olacaq. “Bir neçə gündür yığıma başlamışıq və günaşırı ağaclardan meyvələr toplanaraq daxili bazara çıxarılır. Yığım oktyabr ayına qədər davam edəcək. Bu əncirlər Türkiyənin “Dürdane” sortudur. Bu sort meyvənin çəkisi 100-150 qram arasında dəyişir və spesifik dadı, keyfiyyətinə görə seçilir", - deyə fermer bildirib.

Onun sözlərinə görə, Mil-Muğan bölgəsində hava və torpaq şəraiti belə bağın salınması üçün əlverişlidir: “Nəzərə alsaq ki, bizim bölgədə günəşli günlərin sayı çoxdur, bu da öz növbəsində meyvənin yetişməsinə müsbət təsir göstərir. Eyni zamanda, bu sort əncir ağacları hündür olmadığı üçün yığım da asanlaşır”.

Qeyd edək ki, bu ərazidə superintensiv əncir bağı ilk dəfədir salınıb. Bağda damcı suvarma sistemi qurulub və müasir aqrotexniki qaydalara uyğun olaraq becərmə işləri görülüb.