Elm və təhsil

Saatlıda "Sürətli hesablama ilə beyin gimnastikası" adlı layihəyə start verilib

Saatlıda

Saatlıda "Sürətli hesablama ilə beyin gimnastikası" adlı layihə start alıb. Layihə üzrə keçiriləcək təlimlərdə ibditdai sinif şagirdləri bir çox biliklərə yiyələnə biləcəklər.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan "Sürətli hesablama ilə beyin gimnastikası" adlı layihənin açılış tədbiri olub.

Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbində keçirilən tədbirdə Mil-Muğan Regional İdarəsinin nümayəndələri, məktəb kollektivi, layihəyə cəlb olunan şagirdlər və onların valideynləri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi sükutla anılıb.

Layihə rəhbəri Nübar Hüseynli Iayihənin məqsədi barədə iştirakçılara məlumat verib. Bildirilib ki, layihə ibtidai yəni 1-4-ci sinif şagirdlərini əhatə edəcək. 20 şagird olmaqla hər birisində 10 şagird olan 2 mental aritmetika qrupu üzrə təlimlər təşkili ediləcək. 4 ay davam edəcək layihədə 56 saatlıq dərs və 28 təlim günü nəzərdə tutulub. Layihə üzrə barmaqlarda sürətli hesablamanın tətbiqi, Flash Anzan Proqramı vasitəsi ilə əyləncəli şəkildə sürətli hesablamanın tətbiqi, Abakus vasitəsi ilə sürətli hesablamanın tətbiqi və zehni hesablamanın tətbiqi kimi tədrislər reallaşdırılacaq. Layihənin əsas məqsədi, şagirdlərdə məntiqi təfəkkürün inkişafına yönəlib. Layihə üzrə tədris olunacaq təlimlər şagirdlərdə sürətli hesablama qabiliyyətinin ibtidai siniflərdən başlayaraq formalaşdırılması, onların dəqiq fənlərə olan marağının artmasına təkan verəcək. Mental aritmetika kağız, qələm, hesab maşını olmadan insan beyni vasitəsilə yerinə yetirilən hesablama növü olduğu üçün uşaqların yaddaş, qavrama, xəyal gücünü, hər sahədə sürətliliyini, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını, hər iki beyin yarımkürələrinin paralel istifadəsini inkişaf etdirməsinə kömək edəcək. Eyni zamanda şagirdlərdə diqqətin, konsentrasiya və sürət artmasına kömək edəcək ki, bu da şagirdlər üçün özgüvənin inkişafına yol açacaq. Layihədə iştirak edən şagirdlərə sertifikatlar təqdim olunacaq.