Saatlıda Sürətli hesablama ilə beyin gimnastikası adlı layihə başa çatıb. Layihə üzrə keçirilən təlimlərdə iştirak edən ibtidai sinif şagirdləri bir çox biliklərə yiyələnə biliblər.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan Sürətli hesablama ilə beyin gimnastikası adlı layihənin yekun bağlanış tədbiri olub. Saatlı rayonu Gənclər Mərkəzində keçirilən tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndələri, layihə üzrə rəhbər, ekspert və təlimçi şəxslər, məktəb direktorları, müəllimlər, layihəyə cəlb olunan şagirdlər və valideynləri iştirak ediblər.
Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi anılıb.
Layihə rəhbəri Nübar Hüseynli layihənin məqsədi barədə iştirakçılara məlumat verib. Bildirilib ki, 4 ay davam edən layihə Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbində icra olunub. Hər birində 10 şagird olan 2 mental aritmetika qrupu olmaqla dərslər təşkil edilib. Təlimlərdə əsasən 1-4-ci sinif şagirdləri bir çox biliklərə yiyələniblər və barmaqla sürətli hesablama, Flash arzan proqramı vasitəsilə əyləncəli şəkildə sürətli hesablama, abakis vasitəsilə sürətli hesablama və zehni hesablama tətbiqi kimi biliklərə sahib ola biliblər.
Layihə şagirdlərdə məntiqi təfəkkürün inkişafına yönəlib və şagirdlərin sürətli hesablama qabiliyyəti, onların dəqiq fənlərə olan marağının artmasına təkan verib. Mental Aritmetika zehni inkişaf proqramı olduğu üçün uşaqların yaddaş, qavrama, xəyal gücünü, hər sahədə sürətliliyi, hər iki beyin yarımkürələrinin paralel istifadəsini inkişaf etdirməsinə imkan yaradıb. Təlimlərdə iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.