Saatlıda "Tariximizi danışan rəsmlər" adlı layihə start alıb. Layihə üzrə keçiriləcək təlimlərdə 6-9-cu sinif şagirdləri iştirak edəcək və onlar Azərbaycan tarixində iz salan tarixi hadisələrin araşdırılması və dərindən öyrənilməsi məqsədilə tarixi rəsmlərin təsvir edilməsində yer alacaqlar.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan "Tariximizi danışan rəsmlər" adlı layihənin açılış tədbiri olub.
Saatlı rayonu Gənclər Mərkəzində keçirilən tədbirdə Mil-Muğan Regional idarəsinin nümayəndələri, məktəb kollektivi, layihəyə cəlb olunan şagirdlər və onların valideynləri iştirak ediblər. Əvvəlcə Dövlət Himn səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi sükutla anılıb.
Layihə rəhbəri Kəmalə Qədirli bildirib ki, layihə Saatlı rayon Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə tədris olunacaq və təlimlərə 6-9-cu sinif şagirdləri cəlb ediləcək. Hər təlim 4 akademik saat olmaqla ümumilikdə 10 təlim keçiriləcək. İlk təlim "Azərbaycan Respublikasının müstəqillik qazanması" mövzusuna həsr olunacaq.
Bildirilib ki, "Heydər Əliyevin iqtisadi uğurları - "Əsrin müqaviləsi" ölkəmizin intibahı və dirçəlişi" və "İlham Əliyevin rəhbərliyi ilə həsrətə son qoyan "Dəmir yumruq" əməliyyatı" mövzularında da şagirdlərə geniş məlumat veriləcək.
Təlimlər zamanı "Qanlı Yanvar - Hüzn Günü", "Qarabağda yaşayan xoşbəxt Azərbaycan xalqı", "Xocalı faciəsi və torpaqlarından didərgin düşən xalq", "Xarıbülbül ətirli - Saatlı şəhidləri" və digər mövzularda da məruzələr dinləniləcək.
Qeyd edilib ki, layihənin əsas məqsədi, şagirdlərin rəssamlıq bacarıqlarının inkişafı ilə paralel olaraq onların tarixi hadisələri daha dərindən araşdırıb rəsmlərdə təsvir etməsinə kömək etməkdir. Eyni zamanda, təsviri incəsənət dərslərinin tarix fənni ilə inteqrasiyası şagirdlərimizin həm təsviri bacarıqlarının inkişafına, həm də Vətənimiz üçün önəmli, unudulmaz olan hadisələrin təsviri ilə onların vətənpərvər ruhda yetişməsinə, tarixi hadisələri daha dərindən araşdırıb qavramalarına imkan verəcək. Layihə əsasında Saatlı rayon ümumtəhsil məktəblərində təhsil alan təsviri incəsənətə marağı, bacarığı olan 15 şagird seçiləcək, Azərbaycan tarixində iz salan tarixi hadisələrin araşdırılması, dərindən öyrənilməsi məqsədilə tarixi rəsmlərin təsvir edilməsi istiqamətində dərslər təşkil ediləcək və rəsmlərin sərgisi keçiriləcək, digər məktəblərin şagirdləri sərgilərə dəvət olunacaq.