Saatlıda taxıl sahələrinə gübrə səpilir. Fermerlər yüksək məhsul əldə etmək üçün yemləmə gübrəsi olaraq azot gübrəsi və karbamiddən istifadə edirlər.
Saatlıda yaz-tarla işlərinə start verilib. Fermerlər indidən səfərbər olublar və əsas məqsəd yüksək məhsul əldə etməkdir. Bunun üçün sahələrdə aqrotexniki qaydalara əməl etməklə mühüm işlər görülür. Qaralar kəndindən olan fermer Ələsgər Əhmədov cari il üçün 115 hektar sahədə taxıl əkib. Artıq yüksək çıxış əldə olunub. Sahələrdə aparılan müşahidələrə əsasən hər hektara 150-200 kiloqram arasında azot gübrəsi verilir. İlk yemləmə gübrəsi başa çatmaq üzrədir, ikinci yemləmə isə mart ayının ikinci ongünlüyündən sonra veriləcək.
Kamallı kəndindən olan Adil Adilov da təcrübəli fermerlərdəndir. O, 2022-ci il üçün 90 hektar sahədə taxıl becərib. Suvarma işləri və ziyanvericilərə qarşı mübarizə tədbirləri aparan fermer taxılın yemləmə gübrəsi üçün karbamiddən istifadə edəcəyini deyir. Məqsəd isə 90 hektar sahədən 300 ton məhsul toplamaqdır.
Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Vəkil Baxşəliyev bildirib ki, bu il rayon üzrə 18514 hektar sahədə taxıl səpini aparılıb. Sahələrin 13054 hektarını buğda, qalanını isə arpa təşkil edir. Taxılçılıq üçün əsas amillərdən biri də aqrotexniki qaydalara vaxtında əməl etməkdir. Elə bu məqsədlə sahələrdə birinci yemləmə işləri aparılır. Fermerlər onlara verilən subsidiyadan istifadə edərək artıq lazımi gübrələr əldə ediblər. Ona görə də sahələrdə birinci yemləmə mərhələsi normaya uyğun aparılır. Artıq rayonun taxıl sahələrinin 40 faizində gübrələnmə prosesi yerinə yetirilib və işlər davam etdirilir.