Saatlıda əkin sahələrinin suvarılması üçün mütəmadi olaraq plana uyğun işlər aparılır. Suvarma kanalları lildən təmizlənib, hidrotexniki qurğular sazlanıb. Yaxın gələcəkdə torpaq məcralı kanalların beton üzlüyə alınması nəzərdə tutulub.
Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində 57 min hektar suvarılan sahəyə 1373.3 kilometr suvarma kanalları ilə xidmət göstərilir. Kanalların 300 kilometri beton üzlüklü, 24 kilometri nov, qalanı isə torpaq məcralıdır. Suvarma işləri üçün su mənbəyi Araz çayı olaraq istifadə edilir. Baş Muğan kanalından qidalanan Sabir suvarma kanalı və Aşağı Muğan kanalı vasitəsilə əkin sahələrinə öz axımı ilə su ötürülür. Qalan sahələr isə Araz çayı üzərində yerləşən 11 ədəd nasos stansiyası vasitəsilə suvarılır.
Rayonda suvarma kanallarının lildən təmizlənməsi də daim diqqət mərkəzində saxlanılır. Kanalların təmizlənməsi üçün əraziyə texnikalar cəlb edilib. Bundan başqa, hidrotexniki qurğuların sazlanması üçün cari təmir işləri yerinə yetirilir. Rayonda əkin sahələrinə suyun itkisiz və optimal müddətdə çatdırılması üçün torpaq məcralı kanalların beton üzlüyə alınması üçün isə ilk layihə artıq hazırlanıb. Yaxın gələcəkdə işlərə başlanılması planlaşdırılır.
Suvarma işlərinin mütəşəkkil aparılması sayəsində cari ildə 56831 hektar sahədə əkin işləri aparılıb. Sahələrin 14300 hektarını pambıq tarlaları, 20825 hektarı taxıl, 12 min hektarı yonca, 5056 hektarı həyətyanı sahələr, həmçinin digər əkin növləri təşkil edib və vaxtında su ilə təmin olunub.
2021-ci ildə ümumi su azlığı müşahidə edildiyi üçün su səviyyəsi aşağı olan kanallardan mexaniki üsuldan, yəni səyyar nasos stansiyalardan da istifadə edilib.