Saatlıda xarici sortlardan ibarət tərəvəzlərin əkininə başlanılıb. Müasir suvarma üsulu ilə becəriləcək sahədə üç sort pomidor, bir sort bibər, bir sort badımcan şitilləri yetişdiriləcək.
Saatlıda yaz-tarla işlərinin qızğın çağıdır. Rayonun Qaralar kəndindən olan fermer Ələsgər Əhmədov cari il əkin sahəsinin 4 hektar 50 sotunu tərəvəz üçün ayırıb. Deyir ki, sahədə öncədən damcı suvarma sistemi qurulub və istixana şəraitində yetişdirilən şitillər hazırda sahələrə köçürülür. Tərəvəz sahəsində ümumilikdə 130 min şitil əkiləcək. Yazlıq tərəvəzlər 68-70 günə yetişir, məhsuldarlığı isə yüksəkdir. Eyni zamanda, əkin sahəsinin kompleks şəkildə yaradılması əlavə iş yerlərinin də açılmasına imkan verir.
Təsərrüfat sahibi bildirir ki, sahələrdə müxtəlif növ kənd təsərrüfatı məhsullarının əkilməsi ölkədə ərzaq təminatına da öz töhfəsini verəcək. Əkilən tərəvəz sahəsində hər hektara 70 ton olmaqla, 200 tondan çox pomidor, 100 tondan artıq badımcan, 80 tondan çox bibər tədarük edilməsi nəzərdə tutulub. Tərəvəzlərin yığımına iyul ayında başlanacaq.
Tərəvəz sahəsinin daha çox hissəsini pomidor bitkisi təşkil edir. Fermer Həbib Əhmədovun sözlərinə görə, sahədə hərəsindən 25 min ədəd olmaqla, “Lajin”, “Tomos”, “Divido” adlı xarici pomidor sortları əkiləcək. Bundan başqa, sahənin bir hektarında “Araz-F1” badımcan sortu becəriləcək. Eyni zamanda, “Yupiter” sortu olan bibər şitilləri də sahələrə köçürülür. Əkilən tərəvəz şitilləri Türkiyə və Hollandiya sortlarıdır. Bu sortlar həm də məhsuldarlığı ilə fərqlənir.