Ümumi

Saatlıda Xocalı faciəsini əks etdirən rəsm sərgisi açılıb

Saatlıda Xocalı faciəsini əks etdirən rəsm sərgisi açılıb

Saatlı Dövlət Rəsm Qalereyasının və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Unudulmayan Xocalı” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımından, uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri vəhşiliklərdən danışıblar. Bildirilib ki, işğal zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub.

İndiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.

Sonda “Xocalı qəhrəmanlıq salnaməsidir” adlı rəsm sərgisi nümayiş etdirilib.