Cəmiyyət

Saatlılar narkotik maddələrdən istifadənin risk amilləri barədə məlumatlandırılıblar

Saatlılar narkotik maddələrdən istifadənin risk amilləri barədə məlumatlandırılıblar

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Saatlı Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Saatlı Rayon Gənclər Evində maarifləndirmə xarakterli tədbir təşkil olunub.

Bu barədə Dövlət Komissiyasından məlumat verilib.

Tədbirdə, rayon icra hakimiyyətinin şöbə müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, Mərkəzi Xəstəxananın direktoru, məktəb direktorları, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.