
Saatlı rayonu ərazisində becərilən yonca sahələrində fitonomus zərərvericiləri aşkarlanıb. Artıq mübarizə tədbirlərinə start verilib.
Yonca sahələrində ziyanverici həşəratlara, taxıl sahələrində isə alaq otlarına qarşı dərmanlama işləri davam etdirilir. Saatlı Rayon Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin rəhbəri Mirrasim Talıbov bildirib ki, kənd təsərrüfatı bitkiləri olan sahələrdə Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Yonca sahələrində fitonomus zərərvericiləri aşkarlandığı üçün mübarizə tədbirləri ilə yanaşı, fermerlərin maarifləndirilməsi üçün görüşlər də davam etdirilir. Hazırda sahələrdə kimyəvi mübarizə yolu ilə zərərvericilərə qarşı dərmanlanma işləri görülür. Fermerlər əsasən ziyanvericilərə qarşı supermetrin və alfasupermetrin kimi dərmanlardan istifadə edirlər. Rayon üzrə min hektardan çox yonca sahəsində artıq dərmanlama işləri görülüb. Aparılan monitorinqlər zamanı taxıl sahələrində isə alaq otlarının sirayəti aşkarlanıb. “Bu günə kimi 1200 hektar sahədə enliyarpaqlı alaq otlarına qarşı amin duzu tərkibli herbisitlərdən istifadə etməklə mübarizə tədbirləri görülüb və hazırda da davam etdirilir. Əsas məqsəd gələcəkdə bol məhsul əldə etməkdən ibarətdir. Bu kimi ziyanvericilərə qarşı dərmanlama işləri vaxtında aparılmazsa, məhsul itkisi 25-30 %-ə bərabər olur”, - deyə Mirrasim Talıbov bildirib.
Qeyd edək ki, Saatlı rayonu ərazisində 8219 hektar buğda, 5651 hektar arpa olmaqla ümumilikdə 13870 hektar ərazidə taxıl bitkisi becərilib. Rayon üzrə yonca sahələrinin ərazisi isə 18930 hektara bərabərdir. Sözügedən sahələrdə mütəmadi olaraq monitorinqlər aparılır və ziyanvericilərə qarşı lazımi tədbirlər görülür.