Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi 4 rayon daxil olmaqla 38 təhsil ocağında direktor vəzifəsi vakansiyası üzrə keçirilən müsabiqənin yekun mərhələsi keçirilib. Test imtahanından uğurla keçən 55 namizəd müsahibədə iştirak edib. Yaxın günlərdə vakansiyalar üzrə qəbul edilən namizədlər məlum olacaq.
Bunu Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev söyləyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə iqtisadi zonalara uyğun olaraq təhsil idarələri yaradılıb. Həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən bir sıra səlahiyyətlər regional idarələrin öhdəliyinə verilib ki, bunlardan biri də şagird sayı 500-ə kimi olan ümumtəhsil müəssisələrində direktor vəzifəsinə müsabiqələrin regional təhsil idarəsi tərəfindən keçirilməsidir. Bundan irəli gələrək 2022-ci il iyunun 24-30-da Mil-Muğan Regional Təhsil İdarəsinin rəsmi internet səhifəsində Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarını əhatə etməklə ümumilikdə vakansiyaya 38 yer çıxarılıb və regional təhsil idarəsi tərəfindən yaradılan komissiyaya namizədlərin müvafiq sənədlərini təqdim etməklə qeydiyyatdan keçmələri tövsiyə olunub.
R.Musayev qeyd edib ki, ümumilikdə 103 nəfər namizəd qeydiyyatdan keçib. Müsabiqə iki mərhələdə - müsahibə və test mərhələsi üzrə aparılıb. Şagird sayı 150-ə kimi olan müəssisələr üzrə müraciət edən namizədlər və ötən il direktorların işə qəbulu üzrə keçirilən imtahandan uğurla keçən namizədlər birbaşa müsahibə mərhələsində iştirak ediblər. 151-500 şagird yerlik təhsil ocaqlarında vakansiya ilə bağlı müraciət edən namizədlər isə test mərhələsində uğur qazandıqdan sonra müsahibə mərhələsində iştirak ediblər.
“Bu il iyulun 28-dən müsahibə mərhələsinə start verilib və ümumilikdə 55 namizəd müsahibəyə cəlb olunub. 2022-ci il avqustun 2-də bu mərhələ yekunlaşıb. Yaxın zamanlarda müsahibə mərhələsindən uğurla keçərək elan edilən vakansiyalar üzrə işə qəbul olunan namizədlər barədə məlumatlar açıqlanacaq”, - deyə regional təhsil idarəsinin müdiri diqqətə çatdırıb.
Müsabiqədə iştirak edən Mirələkbər Qubadov bildirib ki, işə qəbulla bağlı müsabiqə tam şəffaf və obyektiv şəkildə həyata keçirilir. Bu islahatlar təhsildə uğurlu bir hal sayılır. “Müsahibə mərhələsində təhsil islahatından, bu sahədə gedən yeniliklər və fərdi şəxsi keyfiyyətlərlə bağlı suallar oldu və bütün proseslər müşahidə kamerası ilə izlənərək qeydə alındı. Bu, müsahibənin obyektivliyinin təmin edilməsi üçün uğurlu bir haldır", - deyə M.Qubadov qeyd edib.
Digər müsabiqə iştirakçısı Firuzə Teymurova isə ilk olaraq test mərhələsində iştirak etdiyini və uğurlu nəticə əldə etdiyinə görə müsahibə mərhələsinə dəvət aldığını bildirib. O, növbəti mərhələdə dünya görüşü, qanunvericilik və şəxsi keyfiyyətlərlə bağlı sualların olduğunu, əsas diqqət çəkən məqamın isə bütün proseslərin tam şəffaf həyata keçirildiyini vurğulayıb.