Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı noyabrın 2-də Sabirabad rayonu olub.
Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şirvan şəhəri, Sabirabad, Saatlı, Kürdəmir, Neftçala, Hacıqabul və Salyan rayonlarından gələn qonaqların da qatıldıqları Zəfər Forumu Sabirabad rayon Mədəniyyət Evində keçirilib.
Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Sonra şəhər və rayonlardan gələn şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək, Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.
Tədbir iştirakçıları Əməkdar artist, polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.
Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib.
Zəfər Forumu çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən “Əsgərə məktub” layihəsi də keçirilib. Rayon sakinləri Vətən müdafiəçilərinə məktublar ünvanlayıblar. Düşmən təxribatlarının qarşısını qətiyyətlə aldıqlarına, Vətənimizin keşiyində ayıq-sayıq, mərdanə dayandıqlarına görə onlara uğurlar diləyib və əsgərlik müddətini uğurla başa vuraraq sağ-salamat evlərinə dönüb, ailələrini sevindirəcəkləri günü arzulayıblar.
Qeyd edək ki, yekun forum Bakı şəhərində keçiriləcək.