Ümumi

Sabirabadda “Şuşa İli”nə həsr olunan regional müsabiqənin qalibləri müəyyənləşib

Sabirabadda “Şuşa İli”nə həsr olunan regional müsabiqənin qalibləri müəyyənləşib

Sabirabadda “Mədəniyyət beşiyi - Şuşa” adlı regional yaradıcılıq müsabiqəsi təşkil edilib. İdarənin əhatə etdiyi rayonlar üzrə keçirilən müsabiqənin ikinci turu yekunlaşıb.

Sabirabad Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın çoxəsrlik mədəni, tarixi irsinin təbliğ olunması və qorunması, eyni zamanda, xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaq məqsədilə musiqi, bədii qiraət və rəsm sənət növləri üzrə regional müsabiqə keçirilib. Müsabiqənin 1-ci turu rayon nümayəndəliklərini - Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarını əhatə edib. Daha sonra final turu Sabirabad rayon Mədəniyyət Mərkəzində gerçəkləşib və ümumilikdə 52 nəfər müsabiqəyə qatılıb. Final turunda 12 nəfər rəsm nominasiyası üzrə, 12 nəfər bədii qiraət nominasiyası üzrə, 28 nəfər isə musiqi nominasiyası üzrə olmaqla uşaq, yeniyetmə və gənclər iştirak edib.

İştirakçılar hər bir nominasiya üzrə müvafiq olaraq təyin edilən 5 münsif tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilib və münsiflər heyətinin verdikləri qiymətlərə əsasən qaliblər müəyyənləşib.

Qaliblərin mükafatlandırılma mərasimindən öncə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, doğma Şuşamızın Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın, musiqimizin beşiyi olmasından danışıb.

Sonda qaliblər Sabirabad Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və mükafatlarla təltif edilib.