Cəmiyyət

Sabirabadda yeniyetmə xanəndələr arasında keçirilən seçim turunun qalibləri müəyyənləşib

Sabirabadda yeniyetmə xanəndələr arasında keçirilən seçim turunun qalibləri müəyyənləşib

2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar olaraq keçirilən muğam festivalının Sabirabad rayonunda birinci mərhələsi üzrə seçim turu yekunlaşıb.

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq musiqi məktəblərində iki yaş qrupunda xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlər arasında seçim aparılıb. Münsiflər heyətinin verdikləri qiymətlərə əsasən hər iki yaş qrupu üzrə (I yer) qaliblər müəyyənləşib. Xanəndəlik ixtisası üzrə Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin şagirdi Aslanlı Yusif Qəşəm oğlu, Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdi Ağazadə Əli Rəmzi oğlu qalib seçiliblər. Region mərhələsi üzrə 1-ci yerlərin qalibləri II (Final) mərhələdə iştirak etmək hüququ qazanıblar. Festivalın Final mərhələsi Bakı şəhərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçiriləcək.

Qeyd edək ki, 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar olaraq, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın çoxəsrlik mədəni-tarixi irsinin təbliği və qorunması, eyni zamanda, xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək, yeni istedadları üzə çıxarmaq məqsədilə uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə muğam festivalı keçirilir.