Sabirabad, Ağdaş, İsmayıllı və Şəmkir regional mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə regionlar üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətləri və xanəndəliyin təbliği, istedadlı uşaqların aşkara çıxarılması və dəstəklənməsi məqsədi ilə xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə “Zəfər” adlı musiqi festivalı davam edir.
Festivalın növbəti seçim turu Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarının uşaq musiqi məktəblərinin iştirakı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilib.
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş 8 Noyabr – Zəfər Gününün çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib. O, Vətən müharibəsinin birinci ildönümü ərəfəsində “Zəfər” adlı regional musiqi festivalının təşkil olunmasının Azərbaycan mədəniyyətinin inkişafına, tariximizin mədəni nümunələrdə yaşadılmasına töhfə verən əlamətdar tədbirlərdən biri olduğunu vurğulayıb.
Musiqi festivalının münsiflər heyəti - Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Zabit Nəbizadə, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin xalq çalğı alətləri şöbəsinin müdiri, qabaqcıl təhsil işçisi Cəfər Qafarlı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Anar Niftullayev, Zərdab şəhər Uşaq İncəsənət məktəbinin direktoru Nicat Əliflidir.
Birinci turda çıxış edən iştirakçılar münsiflər heyəti tərəfindən 10 bal sistemi ilə qiymətləndirilib. Sabirabadda keçirilən seçim turundan müvəffəqiyyətlə keçən 9 şagird finalda iştirak etmək şansı qazanıb.
Festival qaliblərinin yekun qala konserti və mükafatlandırılması noyabrın ilk 10 günlüyündə Qəbələ şəhərində keçiriləcək.