Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil sektorları üzrə X sinifdə təhsil alan, 2021-2022-ci tədris ili üzrə IX sinif buraxılış imtahanında yüksək nəticə göstərən, müəllimlik ixtisasını seçmək arzusunda olan şagirdlərin “Bir günlük tələbə olaq” layihəsi çərçivəsində ADPU-ya ekskursiyası təşkil edilib.
Universitetdən bildirilib ki, ekskursiyanın məqsədi bir günlük tələbə həyatı yaşamaqla şagirdlərdə Pedaqoji Universitet haqqında ümumi təsəvvür formalaşdırmaq, tədris prosesi ilə yaxından tanışlıq, gələcəkdə məzunların ADPU tələbəsi olmaq istəklərini daha da artırmaq, həmçinin digər məktəblilərə stimul verməkdir.
Ekskursiya çərçivəsində tədris işləri üzrə prorektor Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov, Tədris Departamentinin direktoru Sənan Əliyev, Riyaziyyat fakültəsinin dekanı Araz Fərəcov və başqaları ilə görüş zamanı şagirdlərə universitetdə tədrisin təşkili, fakültələr və ixtisaslar haqqında ətraflı məlumat verilib.
Daha sonra şagirdlər Filologiya fakültəsində tədris prosesində iştirak ediblər.
Layihə çərçivəsində ekskursiyalar davam edəcək.