Cəmiyyət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşların müraciətini dinləyib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşların müraciətini dinləyib

Prezident İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin fevralında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov fevralın 16-da Sabirabadda Saatlı, İmişli, Beyləqan, Xocavənd və Sabirabad rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Dövlət Xidmətindən bildiriblər ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub.

Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 21 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, övladının xidmət yerinin müəyyənləşdirilməsi, qismən səfərbərliklə əlaqədar təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinə vurulmuş zərərin ödənilməsinə köməkliyin göstərilməsi, eləcə də digər məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah edilib, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşların qaldırdığı və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.