Saatlının Bəylər kəndində Vətən müharibəsi şəhidi Elgiz Mehtiyevin xatirəsinə inşa edilən bulağın açılışı olub. Mərasimdə şəhidin ailəsi ilə bərabər rayon icra hakimiyyətinin nümayəndələri, idarə və müəssisə əməkdaşları, məktəblilər, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəblilər Vətənə, qəhrəmanlara həsr olunan şeirlər səsləndiriblər. Sonra çıxış edənlər 44 günlük Zəfər yürüşündən və əldə olunan parlaq Qələbədən danışıblar. Bildirilib ki, Elgiz Mehtiyev cəbhəyə könüllü olaraq yollanıb. Elgizin həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətlərdən danışanlar bildiriblər ki, Elgiz 1999-cu il martın 1-də Bəylər kəndində dünyaya göz açıb. İki bacının bir qardaşı və evin sonbeşiyi olub. Hələ orta məktəbdə vətənpərvər şagird kimi seçilib. Həqiqi hərbi xidməti dövründə Vətənə borcunu ləyaqətlə yerinə yetirib. Elgiz Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşə yollanıb. Füzuli və Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlər zamanı böyük şücaət göstərib. Qubadlı istiqamətində döyüşlər zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Mehtiyev Elgiz Şahin oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunması görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.