Uzun illərdir un məmulatlarının hazırlanması ilə məşğul olan Sevinc Mirzəyeva Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramından yararlanaraq kiçik biznesini qısa müddətdə inkişaf etdirib və fəaliyyətini genişləndirməyə nail olub.
AZƏRTAC-ın müxbiri Aydın Yavərzadə xəbər verir ki, Saatlı rayonunda həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində bir sıra sakin dövlət dəstəyindən yararlanaraq kiçik bizneslərini qurub və ya genişləndirib. Proqram iştirakçılarından biri Sevinc Mirzəyevadır. O bildirir ki, əvvəllər sifarişlərin vaxtında çatdırılmasında müəyyən çətinliklərlə üzləşirdi. Bunun əsas səbəbi isə müasir avadanlıqların olmaması idi. Proqrama müraciət etdikdən sonra qısa müddətdə cavab alıb, təlimlərdə iştirak edib və imtahandan uğurla keçərək lazımi avadanlıqlarla təmin olunub.
Hazırda Sevinc Mirzəyeva öz evində fəaliyyət göstərir. Ona təqdim olunan müasir avadanlıqlar - peç, buxarlandırıcı, mikser-qarışdırıcı, böyük ölçülü soyuducu, elektron tərəzi və digər zəruri ləvazimatlar iş prosesini xeyli sürətləndirib və məhsuldarlığı artırıb. Bu da sifarişlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə şərait yaradıb. “Uzun illər idi ki, bu sahə ilə məşğul olurdum və öz kiçik biznesimi qurmuşdum. Lakin avadanlıqların köhnə və məhdud olması səbəbindən sifarişləri vaxtında çatdırmaqda çətinlik çəkirdim. Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramı mənim üçün böyük dəstək oldu. Müraciətim qısa müddətdə qəbul edildi, təlimlərdə iştirak etdim və imtahandan uğurla keçdim. Daha sonra mənə lazım olan bütün avadanlıqlar təqdim olundu. Hazırda öz evimdə kiçik bir otaqda fəaliyyət göstərirəm. Mənə verilən müasir avadanlıqlar sayəsində işlərimi daha sürətli və keyfiyyətli görürəm. Artıq sifarişlərimi vaxtında çatdıra bilirəm. Əl işlərim həm keyfiyyətli olur, həm də daha qısa müddətdə hazır olur. Bu da qazancımın artmasına səbəb olub.
Artıq bir ilə yaxındır ki, bu avadanlıqlardan yararlanıram və işimdə böyük irəliləyiş hiss edirəm. Gələcəkdə təsərrüfatımı daha da genişləndirmək, həmçinin gənc xanımları bu sahəyə cəlb etmək istəyirəm. Onlar həm mənə dəstək olacaq, həm də bu sənətin sirlərini öyrənərək özlərini inkişaf etdirə biləcəklər”.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi özünüməşğulluq proqramı aztəminatlı və işsiz şəxslərin kiçik biznes qurmasına dəstək göstərmək məqsədi daşıyır. Proqram çərçivəsində vətəndaşlara biznes bacarıqları üzrə təlimlər keçirilir və onlar fəaliyyət sahəsinə uyğun olaraq aktivlərlə təmin edilir. Bu təşəbbüs əhalinin məşğulluq səviyyəsinin artırılmasına, sahibkarlığın inkişafına və dayanıqlı gəlir imkanlarının formalaşdırılmasına xidmət edir.