Məqalələr

Vədlərinə sadiq qalan Müzzəfər Ali Baş Komandan

Vədlərinə sadiq qalan Müzzəfər Ali Baş Komandan

30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində əzici qələbə qazandıq. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurdu.

Müzəffər Ali Baş Komandan, qüdrətli və yenilməz sərkərdə İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarını gündən-günə daha əzmlə, ruh yüksəkliyi və peşəkarlıqla davam etdirərək tarixi ədaləti bərpa etdi.

Azərbaycan xalqı cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləmişdir. Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən bütün xalq onun ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncləri cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni edirdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi. Bu, xalq - Prezident birliyinin, xalqın ölkənin liderinə dərin inamının parlaq nümunəsi idi və bu birlik qələbəmizin təminatı oldu.

Türkiyə kimi qüdrətli, qardaş dövlətin bu çətin günlərdə xalqımızla birgə olması, göstərdiyi siyasi, mənəvi dəstək misilsizdir və bunu ayrıca qeyd etmək lazımdır. Qardaş ölkənin bu mövqeyi heç nə ilə müqayisə edilə bilməz.

Ali Baş Komandan öz müraciətində Azərbaycan hərbçilərinin igidliyini yüksək qiymətləndirmişdir: “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”

Torpaqlarımızın işğaldan azad edilməsi üçün cənab İlham Əliyev müdrik Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparmış, orduya rəhbərlik edən Ali Baş Komandan olaraq yüksək sərkərdəlik qabiliyyəti ilə qətiyyətli qərarlar vermişdir.

Dövlətimizin başçısının  mövqeyi sayəsində heç kəs qələbə əzmimizə və zəfər yolumuza mane ola bilmədi. Dövlət - xalq - ordu birliyi bizi Azərbaycanın mədəniyyət beşiyi olan Şuşaya və digər ərazilərimizə qovuşdurdu.

Eşq olsun Azərbaycan dövlətinə! Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

İbrahimova Leyla,
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi.