2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsinin xronikasını təqdim edirik.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları və Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı, habelə münaqişə barədə sualları cavablandırıb.
- Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını cəbhənin bütün istiqamətlərində uğurla davam etdirib. Ordumuz Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri düşməndən azad edib. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləyib. Ordumuz Murov dağı istiqamətində də əməliyyat şəraitini tam nəzarətə götürüb. Əməliyyatların gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən sıradan çıxarılıb.
- Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı ələ keçirilib.
- Düşmən ordusuna məxsus ondan çox texnika, o cümlədən “URAL” markalı hərbi maşınlarında silah-sursat, geyimlər, əsgər ləvazimatları aşkarlanıb. Texnikaların əksəriyyəti istifadəyə yararlıdır.