2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsinin xronikasını təqdim edirik.
- Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyev xalqa müraciət edib.
- Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.
- Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi "Instagram" səhifəsində paylaşım edib.
- Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.
- Ermənistan silahlı qüvvələrinin bölmələri yeni humanitar atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə dəqiqə sonra - saat 08.05-dən etibarən onu kobudcasına pozaraq Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı və Laçın istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Tovuz, Gədəbəy və Daşkəsən rayonlarını müxtəlif növ atıcı silahlardan, minaatanlardan və toplardan atəşə tutub. Saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərinə atəş açıb. Ümumilikdə gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb. Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır. Nizami ordumuz düşmənin istənilən hücum və təxribatlarının qarşısını almaq üçün döyüşə tam hazır vəziyyətdədir.
- Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Padar, Xanlıq kəndlərinin və Qubadlı şəhərinin videogörüntülərini paylaşıb.
- Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 26-sı saat 12:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər xəsarət alıb, 2243 ev, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
- Kiçik çavuş Rahib Həşimov döyüş tapşırığını layiqincə yerinə yetirərək düşmənin bir neçə artilleriya qurğusunu məhv edib.