2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsinin xronikasını təqdim edirik.
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.
- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng edib. Dövlətimizin başçısı Şarl Mişeli Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumatlandırıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir.
- Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatını davam etdirdiyi barədə məlumat yayıb. Məlumata görə, əks-hücum əməliyyatının başlandığı dörd gün ərzində düşmənin ümumilikdə 2300-dən artıq canlı qüvvəsi məhv edilib. Bundan başqa, Ermənistan ordusunun 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən çox avtomobil texnikası məhv olunub. Təkcə sentyabrın 30-da Ermənistan ordusunun 8 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.
- Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, düşmənin top atəşi nəticəsində Horadiz şəhərində bir mülki şəxs həlak olub, üç nəfər isə xəsarət alıb. Bununla da həlak olan mülki şəxslərin sayı 15-ə, xəsarət alanların sayı isə 49-a çatıb.