2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsinin xronikasını təqdim edirik.
- Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bəzi yerlərində şəxsi heyətini və hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib.
- Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb.
- Düşmənin minaatanlarının atış nöqtələrinə və döyüş mövqelərinə zərbələr endirilib.
- Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
- Düşmənin komandir heyəti də daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki “KamAZ” maşını və qoşqusunda top olan üç “Ural” maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilib.
- Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 6-dək 92 nəfər həlak olub, 404 nəfər isə xəsarət alıb, 3064 ev, 100 yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.