Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər R.Bədəlov adına 9 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayon İ.Umarov adına Bum qəsəbə ümumi orta məktəbində və Həmzəlli kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Üçoğlan kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon Xırdalan şəhər 6 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Saatlı rayon 2 saylı tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Tovuz şəhər A.S. Puşkin adına və Tovuz rayon F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəblərində, Bakı Regional Mərkəzi tərəfindən Səbail rayon 163 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib.
FHN-in 112- qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.