Noyabrın 3-də Saatlı şəhər Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
YAP-ın mətbuat xidmətindən bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub. Sonra Saatlı “Şəhidlər abidə-xatirə” kompleksi ziyarət edilib, şəhidlərin xatirə lövhələrinin önünə gül dəstələri düzüblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, güclü Lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirməklə siyasi səhnədə yüksəliş əldə edərək Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisi olub. O qeyd edib ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı partiyanın və ölkəmizin inkişafında yeni mərhələdir.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında Ulu Öndərin siyasi kursunun müasir dövrümüzün tələbləri əsasında davam etdirən Prezident İlham Əliyevin Azərbaycana Zəfər bəxş etmiş Ali Baş Komandan olduğunu vurğulayıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfərləri xalqımızda sonsuz qürur və iftixar, milli özünəinam hissi yaradır, Zəfər yürüşünün fasiləsiz olaraq uğurla davam etdiyini göstərir.
YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov çıxışında ölkəmizin yüksək templə irəliləyişində Yeni Azərbaycan Partiyasının rolundan danışıb. Vurğulayıb ki, 30 ildir respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən, xalqın partiyası kimi tanınan, xalqın sevgisini və dəstəyini qazanan Yeni Azərbaycan Partiyası ölkədə sabitliyin təminatında avanqard rolunu bu gün də davam etdirir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasəti təkcə nailiyyətlərimizin deyil, həm də gələcək uğurlarımızın həlledici əsasıdır.
Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında Yeni Azərbaycan Partiyasının zərurətdən yaranmış avanqard qüvvə olduğunu bildirib, partiya yaranan zaman baş verən hadisələrdən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini vurğulayıb. Qeyd edib ki, ərazi bütövlüyünün hərbi-siyasi yolla təmin edilməsi ilə ölkəmizin qüdrəti bütün dünyaya nümayiş olundu.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövlətimizin siyasi taleyini, gələcək yolunu müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə olub. YAP qısa müddət ərzində milli seçim, Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gəlib, yeni Azərbaycan quruculuğunu təmin edərək ümumxalq partiyasına çevrilib.
Tədbirdə şəhid anası Vüsalə Tağıyeva, Vətən müharibəsi qazisi Elvin Abbasov və Saatlı rayon Məmmədabad kənd tam orta məktəbin müəllimi Rüfanə Mirzəyeva çıxış ediblər.
Tədbirin sonunda Saatlı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqəsi təqdim olunub.