Ümumi

YAP Saatlı rayon təşkilatının yaranmasının 31 illiyi qeyd edilib

YAP Saatlı rayon təşkilatının yaranmasının 31 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb. YAP qısa müddət ərzində milli seçim, Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gəlib, yeni Azərbaycan quruculuğunu təmin edərək ümumxalq partiyasına çevrildiyini qeyd etdi. Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur. Milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövlətimizin siyasi taleyini, gələcək yolunu müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə olub. Yeni Azərbaycan Partiyası cəmiyyətinin ictimai-siyasi, iqtisadi, sosial həyatında həlledici rol oynayır və Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz gündən-günə daha da güclənir, inkişaf edir.

Tədbirdə partiya veteranları YAP Saatlı rayon təşkilatının sabiq sədri Lütvəli Şıxəliyev, rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, rayon Ağsaqqallar şurasının sədri Sədafər Hüseynov, “Azərbaycan Fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov çıxışlarında qeyd ediblər ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.

Çıxışlardan sonra partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.