Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə Saatlı rayonunda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib. "Zəfər Azərbaycanındır" şüarı altında keçirilən aksiya iki gün davam edib.
YAP-ın mətbuat xidmətindən bildirilib ki, aksiya iştirakçıları əvvəlcə Saatlı rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra rayon mərkəzindəki Şəhidlər xiyabanı ziyarət olunub, 31 Mart soyqırımı qurbanlarının, Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb, abidələri önünə tər qərənfillər düzülüb.
Daha sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasında aksiyaya start verilib. Aksiya çərçivəsində professor Tofiq Cahangirov və onun rəhbərliyi altında çalışan həkim heyəti tərəfindən şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə lazımi tibbi xidmətlər göstərilib.
Aksiya barədə məlumat verən YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov bildirib ki, bu, “Zəfər Azərbaycanındır” şüarı ilə keçirilən ikinci aksiya idi. İlk aksiya ötən il Qarabağda qazanılan Qələbənin ildönümü ərəfəsində - noyabrın 8-9-da Sabirabad rayonunda baş tutub. Bu aksiya isə Saatlı rayonunda keçirilib və iki gün davam edib. İki gün ərzində həkimlər tərəfindən şəhid ailələrinin üzvləri və qazilər üçün müxtəlif müayinələr aparılıb, onlara müalicələr təyin olunub.
YAP İdarə Heyətinin üzvü belə aksiyaların davamlı olacağını bildirərək deyib: “Biz qarşıdakı aylarda növbəti aksiyalarımızı keçirməyi planlaşdırırıq. Üçüncü aksiyamızı Kürdəmir rayonunda keçirmək niyyətindəyik. Daha sonra şimal bölgəsində də tibbi müayinə aksiyamız olacaq. Ümumiyyətlə, belə aksiyaların respublikanın bütün bölgələrini əhatə etməsini nəzərdə tuturuq”.