Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında müzakirə olunan məsələlər ölkənin inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət siyasətinin əsas istiqamətlərinin davam etdirilməsi və qarşıda duran vəzifələrin həyata keçirilməsi baxımından xüsusilə önəmlidir.
Bu fikirlər Saatlı Rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müzakirə olunan məsələlərə həsr olunmuş müşavirədə səsləndirilib.
Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan geniş bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin qorunması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Sonra Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Saatlı rayonu üzrə Təhsil sektorunun müdiri Günay Sultanova, V.Əzimov adına Qıraqlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Zülfiyyə Əzimova, şəhid bacısı Ürvət Ağayeva, Vətən müharibəsi qazisi Elvin Abbasov, rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov və Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Gülnar Babaşova çıxışlarında Qurultayda müzakirə olunan mühüm məsələlərə toxunublar.
Çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin möhkəm təməllər üzərində formalaşmasında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin müstəsna rolunu vurğulayıb, bu strateji kursun Prezident İlham Əliyev tərəfindən dövrün yeni çağırışlarına uyğun qətiyyətlə davam etdirildiyini bildiriblər. Qeyd olunub ki, ölkəmizin qazandığı tarixi zəfərlər və dinamik inkişaf düşünülmüş dövlət siyasətinin bariz bəhrəsidir və bu nailiyyətlərin etibarlı təməli kimi cəmiyyətdəki monolit birliyin, sarsılmaz milli həmrəyliyin qorunması həlledici əhəmiyyət daşıyır.