Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi noyabrın 18-də Saatlı rayonunda olub.
Yaponiyanın ölkəmizdəki səfirliyindən bildirilib ki, səfir 2021-ci ildə “Ot kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində “Saatlı rayonunun Əbil kəndində tibb məntəqəsinin inşası” layihəsinə ərazi baxışını həyata keçirib. Ərazi baxışında səfirlə bərabər, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və layihəni icra etmiş “Gənc Mühasiblər” İctimai Birliyinin nümayəndələri iştirak ediblər. Əbil kəndində 1956-cı ildə inşa edilmiş tibb məntəqəsi binası mövcud olsa da, bina qəzalı şəraitdə idi və həmin binaya işıq, qaz, su xətləri çəkilmədiyi üçün onun tibb məntəqəsi kimi istifadəsi qeyri-mümkün idi. Bu problemin həlli məqsədilə Əbil kəndində yeni tibb məntəqəsinin inşası üçün Yaponiya hökuməti tərəfindən qrant yardımı ayrılıb və həmin məntəqə 2021-ci ilin oktyabrından əhalinin istifadəsinə verilib. İstifadəyə verilmiş tibb məntəqəsindən Əbil kəndinin, həmçinin Cəfərxan və Sarıcalar kəndlərinin əhalisi daxil olmaqla, ümumilikdə 1100 nəfərə yaxın insan bəhrələnəcək.
Bu günədək Yaponiyanın ölkəmizdəki səfirliyi tərəfindən Saatlı rayonunda 8 qrant layihəsi icra olunub. Bu layihələrin ümumi məbləği 734 min 037 ABŞ dollarıdır (təqribən 1 milyon 247 min 900 AZN).
İndiyə qədər Yaponiyanın Azərbaycandakı səfirliyi 268 yardım müqaviləsini imzalayıb, həyata keçirilmiş yardımın ümumi məbləği təqribən 22 milyon 560 min ABŞ dollarını (təqribən 38 milyon 350 min AZN) ötüb.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” qeyri-kommersiya qurumları vasitəsilə yerli əhalinin bəhrələnəcəyi qrant layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulan yardım proqramıdır. Yaponiyanın Azərbaycandakı səfirliyi bundan sonra da bölgələrdə müxtəlif sahələrdə yerli əhalinin ehtiyaclarına cavab verəcək layihələrin icrasını davam etdirəcək.