Kənd təsərrüfatı

Yeni pambıq sortlarının dörd rayonda sınaq əkininə başlanılıb

Yeni pambıq sortlarının dörd rayonda sınaq əkininə başlanılıb

İmişli rayonunda mutagenez pambıq sortlarının sınaq əkininə başlanılıb. İlkin mərhələdə yeddi Pakistan sortu, bir Türkiyə sortu və bir yerli sort pambıq növü sınaq və müqayisəli şəkildə təcrübədən keçiriləcək. Məqsəd quraqlığa, xəstəliklərə qarşı dözümlü olan toxumların aşkarlanması və yüksək məhsul əldə etməkdir.

İmişlidə sınaq əkini ilə bağlı tarla görüşü keçirilib. Mütəxəssislər, alimlər və fermerlərin iştirakı ilə sınaq əkini aparılıb. Həmçinin görüş zamanı qarşılıqlı fikir mübadiləsi olunub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatoru Nəzakət İsmayılzadə bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Avstriya səfirliyinin dəstəyi ilə Azərbaycanda pambıqçılığın inkişafı üçün “Ağıllı kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi” layihəsi həyata keçirilir. Əsas məqsəd qlobal istiləşmə şəraitində iqlimə uyğun pambıq istehsalının artırılması ilə bağlı “Ağıllı kənd təsərrüfatı” təcrübələrinin tətbiqi və genişləndirilməsidir. Layihə üzrə artıq iki ildir ki, işlər davam etdirilir. Ötən il Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun təcrübə sahələrində sınaqdan keçirilən 7 mutagenez Pakistan sortu, 1 Türkiyə və 1 yerli sortdan ibarət pambıq toxumlarının artıq dörd rayonda sınaq əkininə başlanılıb.

Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilovun sözlərinə görə, ötən ildən başlayaraq institutun təcrübə sahələrində bu toxumların sınağı uğurla aparılıb. Belə ki, pambıq sortlarından 55-60 sentner məhsul əldə olunub. Eyni zamanda, bu pambıq sortlarında 45 faizdən çox lif çıxımı alınıb. İndi toxumların rayonlar üzrə sınaq əkini aparılır. Məqsəd bölgələrə uyğun özünü daha yaxşı göstərən sortların aşkar edilməsidir. Regiona uyğun toxumların isə gələcəkdə fermer təsərrüfatları üzrə genişləndirilməsi nəzərdə tutulur.

İmişlidə aparılan beynəlxalq layihə ilkin olaraq “P-aqro” MMC şirkətinin nəzarətində olan pambıq tarlasında yerinə yetirilib. MMC-nin aqronomu Mansur Mahmudov bildirib ki, torpaq, su və qida maddələrinin idarə olunması prinsipinə və layihədə göstərilən aqrotexniki qaydaya uyğun sınaq işləri yerinə yetirilir. Sinaq əkini üçün İmişlidə bir hektar ərazidə sortların sınaq və müqayisəli əkini nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, mutagenez sortlarla bərabər Türkiyə və yerli sort toxumların sınaq və müqayisəli əkini bu il İmişli ilə yanaşı, Saatlı, Sabirabad, Beyləqanda da gerçəkləşib.