Cəmiyyət

“Zəfərə aparan 44 gün” adlı tədbir keçirildi

“Zəfərə aparan 44 gün” adlı tədbir keçirildi

Saatlı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Saatlı rayon təşkilatının inzibati binasında Vətən müharibəsində tarixi qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “Zəfərə aparan 44 gün” adlı tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində xüsusi yer tutur. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi bu qələbə xalqımızın birliyinin və dövlətimizin qüdrətinin parlaq təcəssümüdür. Bu Zəfər gələcək nəsillər üçün Vətənə xidmət nümunəsi kimi əbədi yaşayacaqdır.

Saatlı rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Ağayeva çıxışında bildirdi ki, müasir Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində böyük qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.

Tədbirdə YAP Saatlı rayon təşkilatının sabiq sədri Lütvəli Şıxəliyev, Saatlı RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fərhad Mürsəlov,  Saatlı rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, 44 günlük Vətən müharibəsi iştirakçısı - Rasim Səfərov adına Qara Nuru kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Əlimusa Şahbazov, Saatlı rayon Mərkəzi Kitabxanasının əməkdaşı Gülnarə Fərəcova və “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Səmədağa Məmmədov çıxışlarında bildirdilər ki, Vətən müharibəsində tarix yazan qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır.