Ölkə Başçısı Saatlıda

Zərifə Əliyeva adına park Saatlı rayonunun yeni istirahət guşəsidir

Zərifə Əliyeva adına park Saatlı rayonunun yeni istirahət guşəsidir

Sentyabrın 26-da Saatlı rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkı istifadəyə verilmişdir.

Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın parkda ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Dövlətimizin başçısı parkla tanış oldu. Bildirildi ki, 2,3 hektar sahəsi olan yeni istirahət guşəsi şəhid ailələri, müharibə əlilləri üçün tikilmiş 32 mənzilli binanın, habelə yaşayış massivinin yaxınlığında yerləşir. Dekorativ ağaclar, gül kolları əkilmiş parkdakı müasir fəvvarələr buraya xüsusi yaraşıq verir. Parkın ərazisində çoxlu oturacaq qoyulmuş, istirahət və gəzinti guşələri yaradılmış, gözoxşayan işıqlandırılma sistemi qurulmuşdur.

Dövlətimizin başçısı burada görülmüş işləri yüksək qiymətləndirdi və sakinlərin istirahəti üçün gözəl şərait yaradıldığını bildirdi.