Saatlı Rayon İcra Hakimiyyətinin və Saatlı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şagirdlər arasında şahmat idman növü üzrə yarışlar keçirilib.
Noyabrın 7-də şahmat yarışlarının final mərhələsi olub və qaliblərin adına aydınlıq gətirilib. Saatlı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin binasında baş tutmuş final mərhələsində rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov iştirak edib. İcra başçısı tədbirdə çıxış edərək sabah Azərbaycanın bütün ərazisində sevinc və qürurla qeyd ediləcək Zəfər Günü münasibətilə yarış iştirakçılarını və təşkilatçıları təbrik edib. O bildirib ki, 44 günlük Vətən müharibəsində bizə qələbə qazandıran müzəffər ordumuzun əsgər və zabitləri qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirik: “Ölkəmizin igid oğulları Ali Baş Komandanın başçılığı ilə qəhrəmancasına döyüşərək öz qanları bahasına bu qələbəni bizə qazandırdılar. Sözsüz ki, Zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi oldu”.
İcra başısı sağlam, vətənpərvər gənclərin yetişməsində idmanın əhəmiyyətinə toxunub, ölkəmizdə bu sahəyə ən ali səviyyədə xüsusi diqqət ayrıldığını bildirib. Və ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil edən idman növləri arasında şahmatın da önəmli yer tutduğunu qeyd edib. O, Zəfər Günü ilə əlaqədar şagirdlər arasında keçirilmiş şahmat idman növü üzrə yarışın qaliblərini - A qrupu üzrə I yer Heydərli Sənan İlham oğlu, II yer Əliyeva Zəhra Raqib qızı, III yer Qasımlı Nicat Zakir oğlu, B qrupu üzrə l yer Ramazanlı Hüseyn Xəqani oğlu, ll yer Həsənli Əbəlfəz Əbil oğlu, lll yer Sarıyev İbrahim Vüqar oğlu, C qrupu üzrə l yer Əzizli İbrahim Ruhid oğlu, ll yer Heydərli Nicat İlham oğlu, lll yer Hüseynov Nihat Rasim oğlu - təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra qaliblərə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov tərəfindən rayon icra hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim edilib.