Saatlı rayonunda "El Pəhləvanlığı - Qəhrəmanlıq irsi, pəhləvanlıqdan gələcəyə" adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “El Pəhləvanları” İdman Klubu İctimai Birliyinin təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxış edərək qonaqları salamlamış, el pəhləvanlığı ənənələrinin qədim tarixi, milli-mənəvi dəyərlərimizin qorunmasında rolu və bu irsin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs etmişlər.
Layihənin rəhbəri Hüseynov Nurəddin Beyləqanlı layihə haqqında ətraflı məlumat vermiş, el pəhləvanlığı irsinin yaşadılması, təbliği və gənc nəslə aşılanmasının vacibliyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, layihənin əsas məqsədi Azərbaycan el pəhləvanlığı irsinin qorunması, milli dəyərlərimizin təbliği, qədim pəhləvanlıq ənənələrinin yaşadılması və gələcək nəsillərə çatdırılmasından ibarətdir.
Çıxışlardan sonra el pəhləvanlarının iştirakı ilə müxtəlif güc və məharət nümunələri nümayiş etdirilmiş, tədbir iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.