Saatlı Rayon İcra Hakimiyyətində “ONE Championship”də kəmərin sahibi olmuş, əslən Saatlı rayonundan olan Elbəy Alışovla görüş keçirilmişdir.
Görüşdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də Elbəy Alışovun yaxınları iştirak etmişlər.
Görüş zamanı Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Elbəy Alışovu qazandığı yüksək nailiyyət münasibətilə təbrik edərək, onun uğurunun Azərbaycan və doğma Saatlı rayonu üçün əlamətdar hadisə olduğunu bildirmişdir. Rayon rəhbəri belə nailiyyətlərin gənclərin idmana marağının artırılmasına, sağlam həyat tərzinin təbliğinə və yeni idmançı nəslinin yetişdirilməsinə mühüm töhfə verdiyini qeyd etmiş və Elbəy Alışova gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov da Elbəy Alışovu təbrik edərək, onun əldə etdiyi nəticənin gənclər üçün nümunə olduğunu vurğulamışdır.
Daha sonra Elbəy Alışov idman fəaliyyəti, keçdiyi hazırlıq mərhələləri, yarışlarda qazandığı təcrübə və əldə etdiyi nailiyyətlər barədə məlumat vermiş, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. Tədbirin sonunda Elbəy Alışov qazandığı yüksək nailiyyət münasibətilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı və Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən təltif olunmuşdur.
Qeyd edək ki, Elbəy Alışov “ONE Championship”də kəmərin sahibi olmuşdur. Peşəkar karyerası ərzində iştirak etdiyi 11 döyüşün hər birində qələbə qazanan idmançı məğlubedilməzlik seriyasını davam etdirir.