Lənkəran Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “BEAKTİVE” Avropa İdman Həftəsi layihəsi çərçivəsində stolüstü tennis yarışı keçirilib.
Turnirə Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, İmişli və Beyləqandan ümumilikdə 70-ə yaxın iştirakçı qatılıb.
Maraqlı keçən mübarizənin nəticələrinə əsasən qadınlardan Güllü Qafarova (Salyan) baş mükafata layiq görülüb. Fatimə Ələkbərova (Salyan) ikinci, Azərin Qafarova (Salyan) isə üçüncü yeri tutub.
Kişilərin mübarizəsində İlkin Abdulov (Şirvan) ilk pilləni tutub. Mehman Səmədov (Salyan) gümüş, Elnur Yahyayev (Salyan) isə bürünc medal qazanıb.
Yarışda fərqlənən idmançılara, həmçinin fəal iştirak etdiklərinə görə paralimpiyaçılar Vüsal Sadıqovla Mədinə Nəhmətovaya Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.
Qeyd edək ki, yarışın təşkilində əsas məqsəd sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin təmin olunmasıdır.