Saatlı Olimpiya İdman Kompleksində "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə məktəblilər arasında voleybol yarışı keçirildi.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Mil-Muğan Regional Gənclər və İdman idarəsinin nümayəndəsi və rayon gəncləri iştirak etmişdir.
Voleybol yarışının final oyunu izlənildikdən sonra qalib komandaların təltif olunma mərasimi keçirildi.
Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov bədən tərbiyəsi və idmanın gənc nəslin fiziki və mənəvi inkişafında, sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulayaraq, cənab Prezident İlham Əliyevin idmanın inkişafına göstərilən davamlı diqqət və qayğısından bəhs etmiş, gənclərin idmana cəlb olunması və kütləviliyin artırılması istiqamətində görülən işləri diqqətə çatdırmış, onları "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxış edərək "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə iştirakçıları təbrik etmiş, gənclərə uğurlar arzulamış və idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq, bundan sonra Saatlı rayonunda voleybol idman növünün inkişafı istiqamətində əməkdaşlığı daha da gücləndirəcəklərini qeyd etmişdir.
Tədbirin sonunda qalib olan komandalar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin iştirakı ilə diplom və mükafatlarla təltif olunmuşlar.